
Kimdir müqəssir: televiziya, yoxsa auditoriya?
Müasir dövrdə informasiya axınının sürətlə artması KİV-lər arasında ciddi rəqabətə səbəb olub. İstər yazılı mətbuatda, istərsə də elektron mediada yeni informasiyaların, xəbərlərin və siyasi gündəmin formalaşdırılması auditoriyanın diqqətinə çatdırılır. Bəs KİV-lər arasında hansı qolu daha çevik və təsirlidir?
XIX əsrin 70-ci illərindən etibarən Həsən bəy Zərdabinin təşəbbüsü ilə milli mətbuatımızın əsası qoyuldu. “Əkinçi” qəzeti ilk dəfə xəbərləri Azərbaycan dilində yayımlayaraq xalqı maarifləndirməyə, milli kimliyimizi dərk etdirməyə çalışırdı. “Əkinçi” təkcə kənd təsərrüfatı ilə bağlı xəbərləri deyil, həm də elmi məlumatları, elanları və publisistik məqalələri oxuculara təqdim edirdi. Bu qəzetlə başlanan yol sonralar bir çox mətbuat orqanlarının yaranmasına zəmin yaratdı.
Zaman keçdikcə informasiya əldə etmə üsulları dəyişdi. Artıq xəbərləri yalnız qəzetlərdən deyil, 1926-cı il noyabrın 26-dan etibarən “Danışır Bakı” sədaları ilə efirə çıxan radiodan da almağa başladıq. Bir neçə il sonra isə televiziyanın meydana gəlməsi ilə biz özümüzü ekran qarşısında gördük. Artıq “Danışır Bakı” ilə yanaşı “Göstərir Bakı” ifadəsini də eşitdik.
1991-ci ildə müstəqillik qazanan Azərbaycan mediasında — mətbuat, televiziya və radio sahəsində — azad fəaliyyət imkanları formalaşdı. Artıq baş verən hadisələri təkcə oxumur, həm də eşidir və görürdük. Mətbuat jurnalistin yazan əli, radio eşidən qulağıdırsa, televiziya onun görən gözüdür.
Lakin bu gün televiziya məkanından gözlənilən nəticəni tam almaq mümkün deyil. Bir vaxtlar konsertləri, xəbərləri və intellektual verilişləri ilə maarifləndirici, əyləndirici və məlumatlandırıcı funksiyasını yerinə yetirən, auditoriyanın sevimlisinə çevrilən telekanallar indi çox zaman tamaşaçının qınaq obyektinə çevrilib. Efir məkanında bayağı verilişlər, səviyyəsiz aparıcılar, süni mübahisələr və ssenari üzərində qurulan “emosiyalar” getdikcə artır.
Televiziya rəhbərlərindən bunun səbəbini soruşduqda, onlar verilişləri tamaşaçıların istəklərinə uyğun hazırladıqlarını bildirirlər.
Auditoriya isə bunun tam əksini düşünür: ailə-məişət problemlərini qabardan, insanların şəxsi həyatını məsxərəyə çevirən, jurnalistikadan anlayışı olmayan və yalnız reytinq naminə kafe müğənnilərini efirə çıxaran aparıcılar bu gün medianın səviyyəsini aşağı salmaqla ictimai etimadı da zədələyirlər.
Bəs bu vəziyyətdə kimdir müqəssir — televiziya, yoxsa auditoriya?
Əslində məsuliyyət tək bir tərəfin üzərində deyil. Televiziya cəmiyyəti formalaşdıran gücdür, auditoriya isə bu gücün istiqamətini müəyyənləşdirən amil. Əgər tamaşaçı səviyyəsiz proqramlara maraq göstərməsə, onların reytinqi qalxmaz. Amma əgər televiziya yalnız reytinq naminə keyfiyyətdən imtina edirsə, bu da onun peşə borcuna ziddir.
Televiziya maarifləndirici və dəyərli kontent təqdim etməli, auditoriya isə seçici və tənqidi düşüncəyə malik olmalıdır. Bu qarşılıqlı məsuliyyət bərpa olunmadıqca, ekranlarımızda səviyyə deyil, səviyyəsizlik hökm sürəcək.
Unutmamalıyıq ki, informasiya cəmiyyətində ən böyük silah sözdür, ən böyük məsuliyyət isə onu dinləyən qulaq. Televiziya danışır, amma onu kim dinləyir və necə başa düşür — bu artıq auditoriyanın seçimidir.
Müəllif: Vəfa Abdullayeva
Xəbəri Hilal informasiya portalından alın.