Dövlət Sosial Müdafiə Fondunun ehtiyatları 2 milyard manatı keçib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ehtiyatları 2 milyard manatı keçib.
Bunu nazir Anar Əliyev Milli Məclisn bugünkü plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələrinin ikinci oxunuşda müzakirəsində bildirib.
"Bu məbləğin 1,7 milyard manatını biz investisiya edirik. Investisiya siyasətimiz olduqca təhlükəsiz və konservativdir. Biz burada əsas hədəf kimi çalışırıq ki, investisiya gəlirlərindən əldə edilən vəsaiti yenə də sosial istilahatlara - xüsusən şəhid ailərinin, müharibə əlilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, protez-ortopedik vasitələrin təminatı ilə bağlı tədbirlərə, DOST infrastrukturunun inkişafına, uşaq evləri, sosial xidmət evləri, reabilitasiya mərkəzlərinin təmirinə, yeni müəssisələrin açılmasına yönəldək", - deyə o qeyd edib.
Bundan başqa, nazirin sözlərinə görə, 2018-2025-ci illərdə Fondun gəlirləri təxminən iki dəfə artıb: "2018-ci ildə bu rəqəm 3 milyard 752 milyon manat, 2025-ci ildə isə 7 milyard 617 milyon manatdır. 2026-cı ildə isə bizim proqnoz elədiyimiz gəlirlər 8 milyard 323 milyon manat təşkil edir. Bir ildə gəlirlər 9 % artır. Xərclərdə də iki dəfəyə yaxın artım var. 2018-ci ildə 3 milyard 758 milyon manatla başlamışdıq. 2025-ci ildə bu xərclər 7 milyard 676 milyon manat təşkil edir. 2026-cı il üçün isə xərclərimiz 11 % artır və 8 milyard 483 milyon manat təşkil edir".
Xəbəri Hilal informasiya portalından alın.











