Həsən bəy Zərdabiyə məktub

Həsən bəy Zərdabiyə məktub

21 İyul 2025Baxış: 1679

Hörmətli  Həsən bəy Zərdabi

Sizə bu məktubu 21-ci əsrdən — sözün, qələm əzminin və ideyalarınızın hələ də yaşadığı bir dövrdən yazıram.

Bu gün, 22 iyul 2025-cü il, əsasını qoyduğunuz “Əkinçi” qəzetinin və milli mətbuatımızın 150 illiyini qürurla qeyd edirik.

Siz “Əkinçi” ilə bir millətin düşüncəsinə torpaq səpdiniz, sözün gücü ilə yuxudan ayıltdınız. Qaranlıqda çıraq oldunuz. O zamanın küləkləri sizi susdurmağa çalışsa da, siz elə bir od yandırdınız ki, bu gün də o alov bizi isidir.

“Əkinçi” yalnız bir qəzet deyildi — o, millətə ünvanlanmış bir çağırış, gələcəyə yazılmış bir ümid məktubu idi. Hər sətrində bir xalqın taleyi, hər cümləsində oyanış vardı. O qəzetin bağlanması ilə yolunuz kəsilmədi, əksinə, o yol daha da budaqlanaraq genişləndi.

 “Ziya”, “Ziyayi-Qafqaziyə”, “Kaspi”, “Şərqi Rus”, “Molla Nəsrəddin”, “Həyat”, “İrşad”, “Füyuzat”, “Azərbaycan” kimi minlərlə söz ağacı cücərdi. Onlar hər biri ayrı-ayrılıqda cəmiyyətin aynası, xalqın ürək döyüntüsü oldu. Sizdən sonra  Ünsizadə qardaşları, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Orucov qardaşları, Haşım bəy Vəzirov kimi varisləriniz yolunuzu davam etdirdi.

Bu yol çətin, qaranlıq  olsada inadımızdan dönmədik . Zülmətin içərsində işıq axtardıq, inkişaf etdik , böyüdük . Tək yazılı mətbuatla kifayətlənmədik  və bu ənənəni, bu mirası davam etdirmək üçün zaman – zaman radio və televiziyanı yaratdıq.

1926-cı ildə radio danışdı — xalq ilk dəfə səsini öz evində eşitdi. 1956-cı ildə televizor işıqlananda, sanki evlərə millətin ruhu daxil oldu. Hər söz, hər səslənən xəbər qəlblərə yol tapdı. Baxmayaraq ki, həmin dövrlər Azərbaycan üçün asan deyildi.

1991-ci ildə azadlıq sədası ucaldı. Azərbaycan müstəqil oldu və bu müstəqillik mətbuatın da nəfəsini genişləndirdi. Qələm azad danışmağa başladı. Dövlət və özəl qəzetlər, jurnallar, televiziya və radio kanalları fəaliyyətə başladı. İnternetin gəlişi ilə xəbər portalları sözün yeni səsləndiyi meydanlara çevrildi.

Bu gün Azərbaycan jurnalistikası çoxşaxəli, müasir və güclüdür. Sizin vəsiyyətiniz və bu adət - ənənələri yaşadacaq Azərbaycan jurnalistika məktəbləri yarandı.

Universitetlərdə jurnalistika ixtisası fəaliyyət göstərməyə başladı. Gənc qələm sahibləri sözə vuruldu. Amma bütün bu inkişafın, bu yüksəlişin kökündə sizin atdığınız ilk addım dayanır.

Siz bizə öyrətdiniz ki, qələm yalnız yazmaq üçün deyil — o, danışmaq, oyatmaq, dəyişmək və həqiqəti çəkinmədən söyləmək üçündür.

Bu gün biz bu həqiqəti daşıyırıq. Sizi unutmadıq, Həsən bəy. Qələm sahibləri olaraq, Sizin adınızla fəxr edirik. Gələcək nəsillərə də Sizi örnək göstəririk. Qoy hər bir gənc jurnalist “Əkinçi”nin ruhunu, sözün gücünü və vicdanın səsini içində daşısın.

Sizi böyük ehtiramla anır, sükutun içində səssizcə təşəkkür edirik.

Bu xalqın hər oyanışında sizin iziniz var.

Qoy bu sözlər sizə 150 ilin o üzündən gələn minnət dolu bir salam kimi çatsın:

 

“Bəzən bir qələm min sərkərdəni yönəltməyə yetər,

Bəzən isə söz bütöv bir millətin taleyini dəyişər”

 

Dərin hörmətlə :          

Gənc jurnalist Vəfa Abdullayeva

 

 

Xəbəri Hilal informasiya portalından alın.