Hibrid müharibə nədir?

Hibrid müharibə nədir?

16 Sentyabr 2024Baxış: 1591

Əvvəla bildirim ki, bu əsasən qeyri-hərbi vasitələrin qarışıq şəkildə tətbiq olunduğu müharibə formasıdır. Yəni, ənənəvi hərbi qarşıdurmadan fərqli olaraq, informasiya müharibəsi, kiberhücumlar, dezinformasiya, iqtisadi təzyiqlər, yerli sosial və siyasi gərginliklərdən istifadə kimi müxtəlif üsulları özündə birləşdirir. Hibrid müharibə yalnız dövlətlər arasında deyil, həmçinin dövlət və qeyri-dövlət (beynəlxalq təşkilatlar, siyasi rəqiblər, ictimai təşkilatlar, etnik qruplar və.s) arasında da baş verə bilər. Mən daha aktual olan dövlətlərarası üsuldan misallar gətirəcəm. İndi isə hibrid müharibənin müxtəlif aspektlərinə nəzər salaq:
 
Dezinformasiya və media manipulyasiyası:
Hibrid müharibənin əsas komponentlərindən biri ictimai rəyin manipulyasiyasıdır. Dezinformasiya vasitəsilə bir dövlət rəqib ölkədə yanlış məlumatlar yayaraq və ya xəbərləri təhrif edərək ictimai rəyə təsir etməyə çalışır. Məqsəd, cəmiyyətdə inamsızlıq yaratmaq, daxili siyasi stabilliyi pozmaq və mövcud hakimiyyətə qarşı narazılığı artırmaqdır. Sosial media, xəbər saytları və hətta ənənəvi media bu prosesdə effektiv vasitələrdir.
 
Kiberhücumlar:
Hibrid müharibənin mühüm elementi olaraq kiberhücumlar dövlətin infrastrukturunu və iqtisadi sistemlərini sarsıtmağa yönəlib. Bu hücumlar hökumət saytlarına, enerji şəbəkələrinə, bank sistemlərinə və strateji obyektlərə qarşı təşkil edilə bilər. Kiberhücumlar nəticəsində hökumət sistemləri iflic ola bilər və bu, ölkədə xaos yaratmaq məqsədilə həyata keçirilir.
 
Yerli sosial və dini gərginliklərdən istifadə:
Hibrid müharibədə etnik, dini və ya sosial gərginliklərin istifadə mühüm rol oynayır. Rəqib burada dini gərginlikləri artıraraq cəmiyyəti parçalamağa və ölkədə daxili ziddiyyətləri gücləndirməyə cəhd göstərə bilər. Bu, ölkədə hakimiyyətə qarşı etirazların təşkil edilməsindən və ya dini radikal qrupların maliyyələşdirilməsindən ibarət ola bilər.
 
İqtisadi təzyiqlər və sanksiyalar:
Hibrid müharibədə iqtisadi vasitələr də geniş istifadə olunur. Bir ölkə rəqib ölkəyə qarşı iqtisadi təzyiqlər tətbiq edərək, onun daxili vəziyyətini zəiflətməyə çalışa bilər. Bu, sanksiyalar, ticarət blokadaları, enerji resurslarına çıxışın məhdudlaşdırılması və ya digər iqtisadi təxribatlarla həyata keçirilə bilər.
 
Proksi qüvvələrin və yerli qrupların dəstəklənməsi:
Hibrid müharibədə birbaşa hərbi müdaxilə əvəzinə, proksi (vəkalətçi) qüvvələrdən istifadə olunur. Bu qüvvələr yerli siyasi, dini və ya hərbi qruplar ola bilər. Onlar münaqişələrdə əsas iştirakçı kimi çıxış edərək, qarşı tərəfin gücünü zəiflətmək məqsədilə istifadə olunur.
 
Psixoloji müharibə:
Bu üsul vasitəsilə cəmiyyətdə qorxu, narahatlıq və xaos yaradılmağa çalışılır. Psixoloji müharibə informasiya vasitələri, sosial media kampaniyaları və ya açıq təhdidlər vasitəsilə həyata keçirilir.
 
Qorqud Şahverdiyev