
“Futbolun ritmini verən adam” – Şərhçi Tərlan Şahinoğlu ilə eksklüziv müsahibə
Onun səsi ilə tanımışıq bir çox oyunun həyəcanını. Bəzən qolun sədası, bəzən uduzulan matçın kədəri onun tonunda əks olunub. Mikrofonun arxasında dayanıb azarkeşlərin nəfəsini tutan, hər qolun sevincini, hər epizodun dramatizmini tamaşaçıya çatdıran səs – Tərlan Şahinoğlu ilə futbola, şərhçiliyə və arzulara dair səmimi söhbət etdik.
Müsahibəni dəyərli oxucularımıza təqdim edirik:
Şərh etdiyiniz ən emosional oyun hansıdır və niyə o qədər yadda qalıb?
Yəqin ki, bu 2013-cü ilin aprel ayında şərh etdiyim "Mançester Yunayted" - "Aston Villa" oyunudur. Çünki həmin matçda Robin van Persi het-trik edərək "Qırmızı Şeytanlar''a 20-ci çempionluğu qazandırmışdı. Həm şərhçi, həm də azarkeş kimi xüsusi hisslər keçirmişdim. Bundan əlavə həmin mövsüm əfsanəvi baş məşqçi Ser Aleks Fergüsonun da sonuncu iş ili və uğuru idi. Təəssüf ki, sevimli komandamın hazırki vəziyyəti həmin anı daha da unudulmaz və dəyərli edir.
Heç elə olubmu ki, bir oyunu şərh edərkən içində bir az da azarkeş olmusunuz? Hansı komandaya görə?
Çoxu bilir ki, mən qatı "Mançester Yunayted" azarkeşiyəm. Şərhçiliyə yeni başlayan illərimdə bir azarkeş kimi hisslərimi boğmaqda çox çətinlik çəkirdim. Lakin təcrübə artdıqca şərh otağında azarkeşliyi kənara qoymağı da bacardım.
Futbolçu olsaydınız, hansı mövqedə oynamaq istərdiniz və niyə?
Yeniyetmə ikən "Neftçi baza" adalanan məkanda futbola getmişəm. Adətən cinah müdafiəçisi kimi oynayırdım. Daha çox sağ lateral. Peşəkar futbolçu ola bilməsəm də, jurnalistlər arasında keçirilən Media turnirlərində də daha çox elə müdafiənin cinahında çıxış etmişəm. Matç boyu həm müdafiəyə kömək etməyi, həm də hücuma qoşulamağı xoşlayırdım deyə bu mövqedə oynamaq həmişə ürəyimcə olub.
Futbol şərhçiliyində improvizasiya nə qədər önəmlidir? Hazır cümlə ilə danışmaqla anlıq reaksiyalar arasında balansı necə qoruyursunuz?
Ümumiyyətlə şərhdə improvizə etmək bacarığı çox önəmlidir. Çünki matçın necə keçəcəyini bilmirsən və hər bir ssenariyə hazır olmalısan. Bu bir az bədahətən meyxana deməyə də bənzəyir.
Azərbaycanda futbol şərhçiliyinin gələcəyini necə görürsünüz? Səsdən başqa daha hansı bacarıqlar bu sahədə fərqləndirici olur?
Şərhçilikdə səsdən savayı məlumatlı olmaq, yəni idman biliyi çox vacibdir. Söz bazası və ləhçəsiz diksiya da çox önəmlidir. Bunlar zəncirvari bir-birinə bağlı olan amillərdir. Xırdalıqlara girmək istəmirəm amma qısaca onu deyim ki, ölkəmizdə şərhçiliklə bağlı müsbət olduğu kimi mənfi cəhətlər də mövcuddur. Hər bir aktiv şərhçi bunu özündə aşkar edərək üzərində işləməlidir.
Ən çox tənqid aldığınız bir şərhinizi xatırlayırsınızmı? Bu sizə nə öyrətdi?
Əvəllər şərhdən öncə oyunla bağlı faktlar və məlumatlar toplayaraq bunların hamısını reportaj zamanı deməyə çalışırdım. Amma sonradan bizim auditoriyanın daha çox oyunun şərh olunmasına üstünlük verdiyini anlayaraq məlumat verməyi minimuma endirməyə qərar verdim. Artıq həddindən artıq informasiyalarla tamaşaçıları yormuram. Yalnız çox önəmli faktları çatdıraraq daha çox oyunun gedişatını şərh edirəm.
Əgər bir oyunu istədiyiniz istənilən tarixi şəxsiyyətlə birlikdə şərh edə bilsəydiniz, bu kim olardı və niyə?
Ümumiyyətlə etiraf edim ki, duet şərhlər heç vaxt ürəyimcə olmayıb. Şərh zamanı sükan öz əlimdə olanda daha xoş olur. Amma İngiltərədə Premyer Liqanın səsi ləqəbi ilə tanınan əfsanəvi həmkarım var. Bu Martin Taylerdir. Onunla ingilis dilində heç olmasa 1 oyun şərh etmək mənim üçün yadda qalan hadisə olardı. Uşaqlıqdan dinlədiyim türkiyəli Yalçın Çetini, rusiyadan isə Viktor Qusevi xüsusi olaraq qeyd edərdim.
VAR sisteminin şərhçiyə təsiri nə qədərdir? Həyəcanı öldürür, yoxsa dramatizmi artırır?
VAR sisteminin tətbiqi bəzən bezdirici olur. Bu daha çox gecə saatlarında şərh etdiyim reportajlarda özünü biruzə verir. Bu hal təkcə futbola aid deyil. Basketbol və voleybol matçlarında da mübahisəli məqamlarda video təkrara baxılır. Epizodun incələnməsi çox vaxt aparanda şərhçinin əhval-ruhiyyəsinə mənfi təsir edir. Lakin haqq-ədalətin qorunması üçün faydası çoxdur...
Hansı məşhur futbolçu sizin səsinizlə qol vurmaq istəyə bilərdi?
Acığa Mohamed Salah (
Gülür…
Zarafat edirəm. Çox çətin sualdır çünki onlar məni tanımırlar. Niyəsini bilmirəm amma fikrimcə Harri Keyn. Nələr dediyimi anlamasa belə zənnimcə görüb eşitsə xoşuna gələrdi. Ən azı onun ad və soyadının emosional tələffüzünə görə.
Futbol təkcə oyun deyil, həm də mədəniyyətdir. Azərbaycanda futbol mədəniyyətinin formalaşmasında şərhçilərin rolu nə qədərdir?
Bunda şərhçilərin müəyyən rolu var. Ekranda görülən nümunəvi əməlləri tamaşaçılara çatdırmaq kimi məsələn. Lakin ümumən futbol mədəniyyətini böyük futbol ölkələrinin çempionatlarını izləyərək formalaşdırmaq olar. Ordakı matçboyu möhtəşəm azarkeş dəstəyini xüsusilə qeyd edərdim. Amma əlbəttə mənfi hallar da mövcuddur. İdmanda irqçiliyə və fiziki təzyiqlərə yer yoxdur. Təəssüf ki, bəzi futbol ölkələrində belə hallara rast gəlinir...
Səsinizin bir oyun xaricində daha çox tanındığı bir hadisə oldumu? (reklam, zarafat, imitasiya və s.)
Reklam az da olsa olub. Lakin daha çox sosial şəbəkələrdə şərh vaxtı dediyim replikalar
marağa səbəb olub.
Uşaqlıqda mikrofon əvəzinə nə ilə "oyun şərh edirdiniz"?
Heç bir alətdən istifadə etməmişəm. Eləcə baxıb şərh etmişəm sadəcə. Daha çox pley-steyşn oynayarkən.
Ən qeyri-adi yerdə sizdən oyun şərhi istənilibmi?
İllər öncə müəyyən qonorar qarşılığında pab'da futbol şərh etdiyim olub. Həmin vaxt bu ölkəmizdə elə də populyar deyildi. İndi amma adi hala çevrilib.
Futboldan kənarda sizi hansı sahədə görmək olar? Bir film şərhçisi, yoxsa tarix müəllimi?
Şərhçilikdən öncə televiziyada səs rejissoru kimi çalışmışam. Lakin düşünürəm ki, xarici filmlərin dublyajı üçün də səsim və diksiyam yararlı ola bilər.
Əgər həyat bir futbol oyunu olsaydı, özünüzü hansı dəqiqədə, hansı vəziyyətdə görərdiniz?
Düzünü desəm tam bilmirəm... Amma yəqin 1 top fərqlə hesabda öndə olduğumuz matçın son saniyələrində boş qapıdan top çıxaran müdafiəçi rolunda.
Şərh zamanı “ən çox qorxduğunuz” texniki problem nədir? Heç başınıza gəlibmi?
Əlbəttə ki, texniki səbəbə görə önəmli futbol oyununun siqnalının gəlməməsi. Başıma gəlib və bu adamı çox dilxor edir.
Sizin üçün “qızıl mikrofon” kimə getməlidir – dünya üzrə ən sevdiyiniz şərhçi kimdir?
Hər ölkənin öz əfsanəvi şərhçisi var ki, həmin şəxslər "qızıl mikrofon" mükafatına layiqdirlər. Lakin dünya üzrə kimdir? bunu söyləmək çox çətindir. Elə bayaqkı duet şərh etməklə bağlı sualın cavabına qayıdaraq yenə cənab Martin Tayleri qeyd edərdim.
Heç şərh zamanı gülməkdən danışa bilmədiyiniz an olubmu? Nə baş vermişdi?
Konkret nələrin baş verdiyi yadımda deyil, amma gülməli hadisələr daha çox həmkarlarımla duet şərhlərində yaşanıb. İkli reportaj zamanı belə hallar az olmur.
Ən böyük arzunuz futbol dünyasında hələ reallaşmayıbsa, o nədir?
Futbol dünyasında reallaşmayan arzularım var əlbəttə. Həm azarkeş, həm də şərhçi kimi bunların tezliklə reallaşmasını çox istərdim. Azərbaycan millisinin nəhayət böyük turnirlərə vəsiqə qazanıb iştirak etməsini çox arzulayıram. Qismətdə varsa, şərh etməyi də çox istərdim. Digər arzulara gəlincə isə bu İngiltərə millisi və Mançester Yunaytedlə bağlıdır. Arzuların Teatrı - Old Trafford və möhtəşəm Uembli stadionlarında meydan sahiblərinin iştirakı ilə oyun şərh etmək. Və ya İngiltərə Federasiya kuboku (FA cup) turnirinin final oyununu Uembli arenasında şərh etmək. Şərhçi və azarkeş kimi inanılmaz bir hadisə və xatirələr olardı mənim üçün...
Sizi Tərlan Şahinoğlu edən 3 sözlə özünüzü necə təsvir edərdiniz?
Ölkədə şərhçi kimi necə tanındığımı tamaşaçılar söyləsələr daha doğru olardı. Lakin adım çəkiləndə ağıllara gələn ilk 3 söz yəqin ki, məhz İngiltərə Premyer Liqasıdır. Ölkəmizdə bu çempionatın rəsmi distribütoru elə deyəsən özüməm.
Ətraflı müsahibə üçün təşəkkür edirik!
Müsahibəni apardı: Ajin Hüseyn
Xəbəri Hilal informasiya portalından alın.