Müsahibimiz Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyevdir -

Müsahibimiz Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyevdir - "Yaradıcı düşüncə olmadan elm olmaz"   

20 Noyabr 2024Baxış: 2405

Təhsiliniz haqqında  qısaca  məlumat verə bilərsizmi?

1974-cü ildə indiki Azərbaycan Dövlət Tibb Universitetini, 1977-ci ildə isə klinik ordinaturanı (rezidenturanı) bitirmişəm. Daha sonra  1981-ci ildə Y.İ Marçivonski adına Tibbi Parazitalogiya və Tropik Təbabət İnstitutunda (Moskva) tibb elmləri namizədi, 1989-cu ildə tibb elmləri doktoru elmi dərəcələrini almışam.

Pedaqoji fəaliyyətimi 27 il Türkiyədə davam etdirmiş, Çukurova Universitetinin (Adana, Türkiyə) dəvəti ilə 1993-2006-cı illərdə həmin universitetin tibb fakültəsinin tibbi biologiya, mikrobiologiya, virusologiya və immunologiya kafedralarının professoru olaraq çalışmışam. 2000-2006-cı illərdə həmin universitetin parazitar və  tropikal xəstəliklər mərkəzində leyşmaniya xəstəliyinin diaqnostikası və müalicəsi laboratoriyasının qurucusu və rəhbəri olaraq fəaliyyət göstərmiş, daha sonra Yıldız Texnik Universitetinin (İstanbul, Türkiyə) dəvəti ilə (2006-2020-ci il) həmin universitetin Biomühəndislik bölümünün qurucularından biri kimi və həmin bölümün nəzdində olan hüceyrə kulturası və toxuma mühəndisliyi laboratoriyasının qurucusu, rəhbəri, professoru olaraq elmi pedaqoji fəaliyyətini davam etdirmişəm. Pedaqoji fəaliyyəti dövründə bakalavr, magistr və doktorantlara 10-dan artıq müxtəlif fənlərdən dərslər vermişəm.

 

Stanford Universitetindəki araşdırmalarınızın mərkəzi mövzusu nədir? Bu sahədəki ən son tapıntılarınızdan bəhs edə bilərsiniz?

Stanford Universitetindəki araşdırmalarımın mərkəzi mövzusu klassik və polimerik nanodaşıyıcı sistemlərə əsaslanan yeni nano tərkibli peyvəndlər və yeni dərman preparatlarının işlənib hazırlanması, immunoterapiya, kök hüceyrə və regenerativ tibb, xəstəliklərin diaqnostikasında və müalicəsində böyük əhəmiyyət kəsb edən xüsusilə son illərdə daha çox əhəmiyyət verilən hüceyrədən kənar vezikullar və ekzosomlar təşkil edir.                                                                                              

İlk dəfə olaraq rəhbərliyim altında leyşmaniya xəstəliyinə qarşı nanodaşıyıcı sistemlərə əsaslanan polimerik nano peyvəndlər, süd vəzi xərçənginin müalicəsində polimerik daşıyıcı nano tərkibli yeni dərman formaları, dentrik hüceyrə əsaslı immunoterapevtik formulaları işlənib hazırlanmışdır. Tədqiqatlarının önəmli bir bölümünü isə hazırda dünyanın bir çox ölkələrində tətbiq edilən leyşmania xəstəliyinin diaqnostikasında kəşf edilmiş yeni mikrokultura metodu təşkil edir.

 

Sizin akademik karyeranız necə başladı? Bu sahəyə olan marağınız necə yarandı?

Əlbəttə akademik həyatıma universitetdə oxuyarkən dərslərimə və tibb elminə olan hədsiz marağı yaradan, dərslərimdəki müvəffəqiyyətlərlə yanaşı məni elmə, akademik kariyeramın yüksəlişinə sövq edən öz müəllimim olan əziz atam  olmuşdur.


Dünyanın ən nüfuzlu alimləri siyahısına daxil edilməyinizi necə dəyərləndirirsiniz? Bu, sizin üçün nə deməkdir?

Dünyanın ən prestijli, sayılan universitetlərindən biri olan ABŞ-ın Stanford Universiteti tərəfindən “Dünyanın ən nüfuzlu alimləri” siyahısına daxil edilmək mənim üçün qürurdur. Lakin belə bir dünya əhəmiyyətli siyahıda Azərbaycanın və V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun adının çəkilməsi məni xüsusilə sevindirmişdir.

 

Tədqiqatlarınızda qarşılaşdığınız ən böyük çətinliklər nələr olub və bunları necə dəf etmisiniz?

Elmi fəaliyyətimin 15 ilə yaxın bir müddəti Moskvada Marçinovski adına Tropik Təbabət İnstitutunda keçmişdir. Burada tibb elmləri namizədi və tibb elmləri alimlik dərəcələrini almışam. Bu dövr ərzində əsas çətinliyim xüsusilə doktorluq dissertasiyası zamanı olmuşdur. Bunun 2 əsas səbəbi var idi: o illərdə SSRİ-də bu sahədə çalışan alimlərin mənim tədqiqatlarıma qədər bu mövzuda uğursuz olması, digər tərəfdən isə o dövrdə qeyri-millətlərin nümayəndələrinin elmlər doktoru dərəcəsi almağında müəyyən əngəllərin yaradılması idi. O illərdə elektron kitabxananın, ölkədaxili yetərli ədəbiyyatın olmaması səbr, dözüm və alternativlərin araşdırılmasını tələb edirdi. İki ilə yaxın bir müddətdə qarşılaşdığım çətinliklərə baxmayaraq, güclü iradəm və işimə olan həvəsim sayəsində SSRİ-də ilk dəfə olaraq malyariyaya qarşı vaksin hazırlamaq üçün malyariya parazitlərinin insan orqanizmindən kənar modelini laborotoriyada yaratmış oldum. İnstitutun direktoru və elmi rəhbərim dərhal institut tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına məlumat verildi ardınca çox sayda keçmiş sosyalist ölkələrindən metodu öyrənmək üçün laborotoriyamıza gəldilər.


Sizin fikrinizcə, müasir elm dünyasında ən önəmli trend və istiqamətlər hansılardır?

Hər bir elm sahəsinin özünəməxsus trend və istiqamətləri mövcuddur. Mənim çalışdığım sahənin müasir elmi istiqamətlərini isə müxtəlif infeksiyalara qarşı nanotexnologiyaya əsaslanan yeni diaqnostika metodlarının, nanodərman və nanovaksin formulalarının, fərdi  müalicə metodlarının işlənib hazırlanması təşkil edir.


Gənc alimlərə və tələbələrə hansı məsləhətləri verərdiniz?

Ümumiyyətlə  elmlə məşğul olmaq insandan böyük fədakarlıq, səbr tələb edən uzun bir prosesdir. Düşünürəm ki, bu eyni zamanda digər sahələrə də aiddir. Lakin peşəsindən aslı olmayaraq çalışdığın sahədə uğurlu olmağın əsas sirri işlədiyin sahəyə olan sevgidir, ona içdən bağlı olmaqdır. Gənclərimiz hər şeydən öncə çalışdığı mühitdə doğru və dürüst olmalı, işləməkdən və çətinlikdən qorxmamalı, şəxsi mənafeyini güdməməlidir. Yalnız bu halda insan öz işindən yorulmaz və vəzifəsini layiqincə yerinə yetirə bilər. Bununla birlikdə elm sahəsində çalışmaq və töhfələr vermək olduqca qürurverici işdir. Bu gün dünyanın ən inkişaf etmiş ölkələri ancaq elm sahəsindəki uğurları sayəsində yüksəlirlər. Məhz buna görə də ABŞ, Kanada, Almaniya kimi ölkələr digər ölkələrdə beyin axınından istifadə edərək elm adamlarını öz ölkələrinə cəlb edirlər. Elmi olmayan ölkənin gələcəyi də olmaz.


Araşdırmalarınızın cəmiyyətə və elmi dünyaya necə təsir etdiyini düşünürsünüz?

Əlbəttə işləyib hazırladığım yeni diaqnostik metodlar və elmdəki yeniliklər cəmiyyətə xidmət edir. Stanford Universiteti tərəfindən çalışmalarıma verilən dəyər məhz dünya elminə verilən töhfə əsasında mümkün olmuşdur. Bu, minlərlə elm adamının tədqiqatlarımızı oxuyub öz çalışmalarında sitat vermələri və eyni zamanda yeni fikirlər əldə edərək tədqiqatlarını davam etdirmələrinə şərait yaratmışdır.


Beynəlxalq əməkdaşlıqların elmi araşdırmalarda rolu nədir? Siz hansı beynəlxalq layihələrdə iştirak etmisiniz?

Elmi araşdırmalar o zaman dəyər qazanır ki, onlar lokal deyil beynəlxalq səviyədə həyata keçirilir. Uzun illər dünyanın müxtəlf ölkələrində Avropa və ABŞ-la (Stony brook universiteti) ortaq layihələr həyata keçirmişəm. Yeri gəlmişkən həm də bu universitetin adjunct professoruyam. Bu layihələr əsasən nanotexnologiya sahəsinə əsaslanıb müxtəlif infeksiyalara qarşı nanoəsaslı komponentlərin araşdırılması yönündə olmuşdur  və  bu sahədə dərc edilmiş ortaq elmi məqalələrimiz mövcuddur.

 

Tədqiqat sahənizdə gələcək perspektivlər nələrdir? Hansı yeni ideyalar üzərində çalışırsınız?

Başladılmış lakin tamamlanmayan layihələri uyğun imkanlar daxilində tamamlamaqdır. Dərman preparatlarına davamlı olan və insan ölümünə səbəb olan bakteriyalara qarşı ölkəmizdə bitən dərman mənşəli bitkilərdən əldə edilən nanoölçülü molekulların izolyasiyası və təsirini öyrənməklə yeni nanodərmanların hazırlanması.

 

Bir alimin həyatında dönüm nöqtəsi olan bir hadisə varmı? Həmin an sizi necə dəyişdi?

Bəli var. İlk olaraq 1985-ci ildə SSRİ-də ilk dəfə olaraq malyariya parazitlərinə qarşı vaksin yaratmaq üçün əldə etdiyim nəticələr, dərhal institut tərəfindən ÜST-ə məlumat verilməsi və ardınca çox sayda keçmiş sosyalist ölkələrinin metodu öyrənmək üçün instituta gəlməsi həyatımda ciddi bir dönüm nöqtəsi yaratdı. 2-cisi isə Türkiyədə çalışdığım illərdə dünyada və ölkəmizdə geniş yayılmış leyşmaniya kimi xəstəliyin diaqnostikasında mövcud metodlardan fərqlənən daha həssas, spesifik olan yeni bir mikrokultura metodunun hazırlanması olmuşdur. Hətta bu xəbəri eşidən Çikaqo universitetinin professoru K.P CH Çanq laborotiyama gələrək yerindəcə metodu test etdi. Hazırda dünyanın bir sıra ölkələrində uğurla tətbiq edilməkdədir. Tədqiqatlarım sayəsində ortaya çıxan bu kəşflər elmi həyatımda mənə cəsarət, güvən daha çox çalışma əzmi qazandırdı.


Araşdırma prosesinizdə ən çox ilham aldığınız mənbələr hansılardır? Kitablar, insanlar, təbiət?

Çalışdığım komandam və əldə etdiyim elmi yeniliklər mənim ilham mənbəyim olmuşdur.

 

Sizcə, elmin inkişafında yaradıcı düşüncənin rolu nədir?

Yaradıcı düşüncə olmadan elm olmaz.   

                                                                                                         

Elmin gələcəyi ilə bağlı şəxsi proqnozlarınız varmı? Hansı sahələrdə inqilabi dəyişikliklər gözləyirsiniz?

Elmdə artıq hər bir sahənin inkişafı aid olduğu sahədən yox, çoxyönümlü sahənin inkişafından aslıdır. Bu bir problemin həll edilməsinə multi-disiplinli yanaşma tələb edir. Ona görə də gələcəkdə hər hansı bir sahədəki inqilabi dəyişikliklər problemin aid olduğu tək sahədən deyil multi disiplinlərdəki inkişafdan aslı olacaqdır.


Ətraflı müsahibə üçün təşəkkür edirik!

 

Müsahibəni apardı: Zarina Hüseynova