Çiçəklən Azərbaycan!

Çiçəklən Azərbaycan! Şamama Mehrəliyevanın yaradıcılığı

17 Dekabr 2025Baxış: 1714

Sözlərinə mahnılar bəstələnmiş, incə lirikası və səmimi duyğuları ilə seçilən dəyərli şairə, Şamama Mehrəliyevanın şeirlərini oxucularımıza təqdim edirik. Şamama müəllimənin yaradıcılığı insan qəlbinin dərinliklərinə toxunur, həyatın mənəvi çalarlarını və ana dilimizin zəngin poetik imkanlarını ustalıqla əks etdirir. Onun misraları oxucuya yalnız estetik zövq bəxş etmir, eyni zamanda düşünməyə, xatırlamağa və hiss etməyə çağırır.

Təzə il

Sülhsevər dünyamıza,
Xoş gəlmisən təzə il.
Özünlə xəbər gətir,
Xeyir xəbər, təzə il.

Şad xəbərin yayılsın
Bizim Azərbaycana,
Azəri xalqımızın
Gözəl odlar yurduna.

Səpilsin ulduzların
Xəzərin sinəsinə,
Yaraşıqsan Bakıya,
Küləklər şəhərinə.

Yol gözləyir Şuşamız,
Dilbər Qarabağımız.
Bəyaz qar həsrətində
Kəpəz, Murov dağımız.

Qar gətir elimizə,
Həm dərəyə, həm düzə,
Bir il nədir, təzə il,
Hər il qonaq gəl bizə.

          ***

Çiçəklən Azərbaycan

Buludlar oynayıb yağış səpəndə
Şeh damlası qatar-qatar sinəndə
Süzüləndə torpağına hər zaman,
Bahar kimi çiçəklən, Azərbaycan!

Yaşıllaşsın dağ-dərələr xalı tək,
Çöhrələrin gözəlisən xalı tək,
Öz xalqınla məğrur yaşa sən hər an,
Xəzan bilmə, çiçəklən, Azərbaycan!

Ən sülhsevər vətənimsən sən mənim,
Səmada səslənsin sülh nəğmələrin,
Əskilməsin məclisində tar kaman,
Mahnılarda çiçəklən, Azərbaycan!

Üzeyirim , Bülbülümsən sən mənim,
Qoy oxusun şikəstəni Xan əmim
Səpilsin qəlblərə tardan kamandan
Ürəklərdə çiçəklən, Azərbaycan!

Bəstəkar: Şəfiqə Həsənova
Sözləri: Şamama Mehrəliyeva
Oxuyur: Babək Niftəliyev

 

Xəbəri Hilal informasiya portalından alın.