“Avant Group” yayımlanan reportajlara münasibət bildirib

“Avant Group” yayımlanan reportajlara münasibət bildirib

02 Dekabr 2025Baxış: 8556

Son günlər bəzi media resurslarında “Avant Group MTK tərəfindən alıcılara ƏDV-nin geri qaytarılması ilə bağlı” reportajlar yayımlanıb. Reportajlarda səslənən iddialar araşdırılmadan təqdim edildiyindən, şirkət olaraq mövqeyimizi və faktiki vəziyyəti ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab edirik.

Avant şirkətlər qrupu yaşayış komplekslərinin inşası və daşınmaz əmlakın satışı sahəsində fəaliyyət göstərən, bütün əməliyyatlarını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirən şirkətdir. Fəaliyyətimizin əsas prinsipləri şəffaflıq, qanunçuluq və müştəri məmnuniyyətidir. Avant şirkətlər qrupu hazırda 4 yaşayış kompleksinin Avant Park (997 mənzil), Avant Vista (800 mənzil) və Avant Nova (916 mənzil), Aveue8 (239 mənzil) layihələrinin tikintisini həyata keçirir. Bundan başqa şirkətimiz “Sosial Mənzil” MTK (1530 mənzil) kimi nəhəng layihəni uğurla icra edərək tamamlamışdır. İcrası davam edən layihələrdə MTK-nın payçılarının sayı 1800 nəfərdən çoxdur.

Bildirmək istərdik ki, əlavə dəyər vergisinin qaytarılması yalnız Dövlət Vergi Xidməti tərəfindən müəyyən olunmuş proseduralar əsasında icra edilir. Alıcı ilə DVX arasındakı bu prosesdə MTK birbaşa iştirak etmir və heç bir qərarvermə səlahiyyətinə malik deyil, həmçinin prosesə təsir imkanları mövcud deyildir.

 Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib. Lakin fərmanın icrası ilə bağlı müvafiq portal 2022-ci ilin noyabr ayından İnternet Vergi İdarəsində hazırlanaraq istifadəyə verilib.
Həmin dövrdə mənzil alan bəzi sakinlər qeydiyyat və sistemlə bağlı texniki çətinliklərlə üzləşmişdir.

Şirkətin bütün fəaliyyəti qanunvericiliyə tam uyğun şəkildə aparılır. Bütün mənzil satışları rəsmi qaydada payçı müqaviləsi, elektron qaimə-fakturalarla rəsmiləşdirilir, ödənişlər yalnız bank vasitəsilə qəbul olunur və satış prosesinin bütün mərhələləri mövcud hüquqi tələblərə uyğun şəkildə həyata keçirilir.

2022–2024-cü illər üzrə vergi hesabatları tam şəkildə Dövlət Vergi Xidmətinə təqdim olunmuş, vergi qanunvericiliyinin pozulmasına dair hər hansı fakt qeydə alınmamışdır. MTK tərəfindən vergi, həmçinin ƏDV öhdəlikləri tam şəkildə icra edilmişdir.

Şirkət prosesin gedişində aktiv şəkildə iştirak edir. Sakinlərimizin qanuni hüquqlarının təmin olunması şirkətimizin prioritetidir. Şirkət rəhbərliyi sakinlərlə mütəmadi görüşlər keçirir və onların hüquqlarının qorunması üçün aidiyyəti qurumlarla əməkdaşlığı davam etdirir. Reportajlarda səslənən “400 nəfər” ifadəsi təhrif edilərək şişirdilmişdir. Hazırda ƏDV-nin geri alınması ilə bağlı çətinliklə üzləşən 79 nəfərə MTK tərəfindən dəstək göstərilir. Eyni zamanda “problemin guya 3 ildir davam etməsi” barədə səsləndirilən fikir də yanlışdır. 25 may 2022-ci il tarixli Fərmanın tətbiqi “daxili hissəvi ödəniş” əsasında mənzil alan sakinlər üçün faktiki olaraq 2024–2025-ci illəri əhatə edir. Dövlət Vergi Xidmətinə müraciət edib imtina cavabı almış şəxslərin tam siyahısı isə MTK-da mövcud deyil, çünki həmin proses vətəndaş ilə inzibati orqan arasında aparılır və şirkət bu münasibətlərin tərəfi deyil.

Alıcılardan daxil olan hər bir müraciət tərəfimizdən fərdi qaydada araşdırılır. ƏDV ilə bağlı imtinalar müxtəlif hüquqi və texniki səbəblərlə bağlı ola bilər. Hər bir hal ayrıca təhlil edilir və yaranmış uyğunsuzluqların aradan qaldırılması istiqamətində şirkət tərəfindən sakinlərə zəruri dəstək göstərilir. Sakinlərə itirilmiş sənədlərin bərpa olunmasında, müvafiq arayışların təqdim edilməsində və müraciət prosesinin düzgün şəkildə aparılmasında mütəmadi yardım göstərilir.

 

 

Xəbəri hilal.az saytından alın