Anksiyete (narahatlıq) artıq adi hal olub Müasir insanın görünməz yükü
Müasir insanın narahatlıq hissi sanki həyatın dəyişməz fonuna çevrilib. Bir çox insan bunu fərqinə varmadan normal qəbul edir, çünki gündəlik ritm, sosial dinamika və informasiya axını hissləri idarə etməyi çətinləşdirir. Əslində dəyişən narahatlığın özü deyil — onu yaradan mühit və beynin bu mühitə verdiyi reaksiyalardır. Həyatın tempi artdıqca beyin köhnə mexanizmləri ilə yeni vəziyyətlərə uyğunlaşmağa çalışır və bu uyğunlaşma çətinliyi narahatlığı daha çox görünən edir.
Bugünkü insan hər gün inanılmaz həcmdə informasiyaya məruz qalır. Xəbərlər, sosial media, bildirişlər, mesajlar — bunların hər biri beynin diqqətini bir nöqtədən digərinə çəkir. Beyin üçün bu, fasiləsiz siqnalların axını deməkdir. Belə bir axın qarşısında bədən sakitlik rejiminə keçməkdə çətinlik çəkir, çünki beyin təhlükə ilə gündəlik stimullar arasında fərq qoymaqda bəzən aciz qalır. Məsələn, qəfil telefon bildirişi belə, bəzən bədəndə yüngül stress reaksiyası yarada bilir. Bu proses davam etdikcə beynin “hazır ol” vəziyyəti normaya çevrilir və narahatlıq, heç bir səbəb olmasa da, özünü göstərməyə başlayır.
İnformasiyanın bu qədər çox olması yalnız beynin işləmə sürətini artırmır, həm də insanın özünü daim gecikir, geridə qalır və ya çatdıra bilmir kimi hiss etməsinə səbəb olur. Hər gün qarşıya çıxan yeniliklər, trendlər, xəbərlər insanı həm maraqlandırır, həm də psixoloji olaraq yükləyir. Beyin bu qədər məlumatı süzmək üçün kifayət qədər vaxt tapmadıqda, daxildə daimi bir gərginlik yaranır. Bu gərginlik klassik narahatlıq hissindən daha səssiz, daha dərin bir forma alır.
Bütün bunlarla yanaşı, müasir dövrdə insanlar fərqinə varmadan “görünməz yarış”ın içindədirlər. Sosial mediada hər kəs öz həyatının ən gözəl anlarını göstərdiyindən, digərlərinin uğurları ilə özümüzü müqayisə etmək daha asan və avtomatik bir vərdişə çevrilib. İnsanın real həyatda yaşadıqları ilə başqalarının nümayiş etdirdikləri arasında uçurum yarandıqca, “daha çox etməliyəm”, “daha yaxşı olmalıyam”, “geri qalmamalıyam” düşüncəsi meydana çıxır. Bu düşüncələr bəzən şüurlu şəkildə sezilmir, amma beyin onları təzyiq kimi qəbul edir. Nəticədə narahatlıq yalnız bir emosional reaksiya olaraq deyil, həyatın sanki təbii bir hissəsi kimi davranmağa başlayır.
Bu yarış atmosferinin başqa bir tərəfi də mükəmməllik axtarışıdır. Müasir insanın özündən gözləntiləri çox yüksəlib. Hər işdə ən yaxşı olmaq tələbi artıq şəxsi seçimdən çox, sanki sosial normaya çevrilib. Beyin bu gözləntini təhlükə kimi qəbul etmir, amma ağır bir yük kimi dəyərləndirir və bu yük narahatlıq hissini daha da gücləndirir. Başlamaq belə çətinləşir, çünki bəzən tapşırığın özü deyil, ideal nəticə təzyiq yaradır.
Beləliklə, narahatlıq bu gün birdən-birə yaranan duyğu deyil. İnformasiya axını, daimi müqayisə mühiti, mükəmməllik tələbi və beynin bu tempə uyğunlaşmaqda çətinlik çəkməsi nəticəsində yavaş-yavaş formalaşan, daha çox “fon emosiyası”na çevrilən bir haldır. İnsan onu o qədər tez-tez yaşayır ki, bu hiss təəccüblü olmur, bəzən hətta fərq edilmədən həyatın bir parçası kimi qəbul edilir. Narahatlığın normallaşması da məhz bu prosesin nəticəsidir — hissin özündən çox, həyat şəraitinin dəyişməsinin bir göstəricisi olaraq.
Klinik Psixoloq - Nərgiz Məmmədova













