Ustad-Akif Şahverdiyevin Füzuli qəzəlinə təxmisi oxuculara təqdim edilir

Ustad-Akif Şahverdiyevin Füzuli qəzəlinə təxmisi oxuculara təqdim edilir

04 Avqust 2024Baxış: 1390

Fizuli qəzəlinə təxmis
 
Kiçilərək böyük dünya, de, başıma dolanmazmı?!
Şəhid olan eşq yolunda, al rənginə boyanmazmı?!
Meydan tutub, gərdiş edən haqqı-sayı heç anmazmı?!
Məni candan usandırdı, cəfadan yar usanmazmı?!
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
 
Gətirdim ki, ona iman, dar günümdə olsun həyan,
Kədər yeyib qusdum ki, qan, əsirgədi deməsin can.
Hanı məni dərdə salan, xəbər verin olsun əyan:
Qamu bimarinə canan, dəvayi-dərd edər ehsan:
Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı?
 
Qərənfil bitirdi qanım, cahan tutmaz ağlayanım.
Çəkər şivən Araz çayım, Kürüm-qara bağlayanım,
Düşüb şərə şərəf-şanım, zülüm-zülüm keçər anım,
Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?!
 
Haqq istədim şeşi zərdən, verib yeki güldü birdən:
Könlün keçir yaman yerdən, qorx ki, qopa ayaq yerdən…
Uzaq olum deyə şərdən, hey susardım, yaxud hərdən
Qəmim pünhan tutardım mən, dedilər: yarə qıl rövşən:
Desəm ol bivəfa bilmən: inanarmı, inanmazmı?!
 
Qəddim əyir hər duruşu, ey Yaradan varı-yoxu!
Zalım hardan oldu qonşu, çıxdı ərşə şirin yuxu?!
Uç yar sarı, könlüm quşu, ərzi-halım budur,oxu:
Güli-rüxsarına qarşı gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?!
 
Neçin etdin məni səfil, ucaldıqca, dedim əyil,
Şirin vədlə oxşama, bil, hər oxunan Quran deyil,
Parçaladın bağrım dil-dil, şahid buna neçə nəsil!..
Degildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?!
 
Akifin sözü əmmadır, bir balaca müəmmadır,
Baxsan dadına bal dadır, demə yalan dağ boydadır,
Aqillər bilir, qaydadır, vallahi babam aldadır:
Füzuli rindü-şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?!