Dövlət Xidməti korrupsiya ilə mübarizə tədbirlərini davam etdirir

Dövlət Xidməti korrupsiya ilə mübarizə tədbirlərini davam etdirir

16 Noyabr 2024Baxış: 1804

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqların icrasını təmin etmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir.

Cari ilin noyabr ayında Xidmətin Nəsimi rayon idarəsində və Goranboy rayon şöbəsində aparılmış xidməti yoxlamalar nəticəsində fəaliyyətlərində nöqsan və çatışmazlıqlar aşkar olunan 9 əməkdaş ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən xidməti fəaliyyətlərini şəxsi maraqları üzərində qurub vətəndaşlara qarşı qanunsuz tələblər irəli sürməklə qanunla qorunan hüquqlarını pozan 3 əməkdaş xidmətdən xaric olunaraq əməllərinə hüquqi qiymət verilməsi üçün barələrində toplanmış material Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların 9100 Çağrı Mərkəzinə və ya info@seferberlik.gov.az elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək.

 

Xəbəri Hilal informasiya portalından alın.