Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə keçirilmiş “İqlim dəyişikliyi və İnsan hüquqları: Ombudsman və Milli İnsan Hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.
Səfərdə Azərbaycan ombudsmanı Səbinə Əliyeva, eləcə də Türkiyə, Macarıstan, Qırğızıstan, Filippin, Keniya, Şimali Makedoniya, Mərakeş və Moldovadan ombudsmanlar, milli insan hüquqları institutlarının rəhbərləri, informasiya komissarları və insan hüquqları sahəsində ekspertlər iştirak edirlər.
Onlar Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilmiş çoxsaylı genosid, urbisid, ekosid, kultursid cinayətləri və digər faktlar barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması məqsədilə həyata keçirilən səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Ağdamda yerində müşahidələr aparılacaq.
Xatırladaq ki, oktyabrın 2-də 30-a yaxın ölkədən ombudsman və milli insan hüquqları təsisatlarının təmsilçiləri, informasiya komissarları, dövlət orqanlarının yüksəkvəzifəli şəxsləri, vətəndaş cəmiyyəti institutlarının, bir sıra beynəlxalq qurumların rəhbər və nümayəndələri, iqlim dəyişikliyi və insan hüquqları sahəsində ekspertlərin iştirakı ilə Ombudsmanların Beynəlxalq Bakı Forumu keçirilib. Forumda qlobal iqlim dəyişikliklərinin yaratdığı problemlər və onların həlli yolları insan hüquqları perspektivindən müzakirə edilib, bu sahədə mövcud müsbət təcrübələr paylaşılıb.
Yekunda Ombudsmanların Beynəlxalq Bakı Forumunun Bəyannaməsi qəbul olunub. Bəyannamə ekoloji problemlərin həlli istiqamətində ombudsman və milli insan hüquqları təsisatlarının rolunun gücləndirilməsinə, həmçinin müvafiq sahədə məlumatlılığın artırılmasına öz töhfəsini verəcək.
Xəbəri Hilal informasiya portalından alın.