Vəfa Abdullayeva yazır: XATİRAT

Vəfa Abdullayeva yazır: XATİRAT Görkəmli jurnalist Mübariz Əhmədovun əziz xatirəsinə

18 Noyabr 2024Baxış: 2931

15.09.2022-ci il. Universitetdə ilk dərs günümüz 4-cü günə təsadüf etdi. Tələbə adını qazanaraq universitetə qədəm qoyduğum gün ən sevincli günüm idi. Həmin  gün üç dərsimiz vardı. İkinci dərs bitdikdən sonra tənəffüsdə qrup yoldaşlarımla növbəti dərs üçün 505-ci auditoriyaya gəldik. Tənəffüs bitdi və zəng vuruldu. Qapı açıldı, Mübariz Əhmədov auditoriyaya daxil oldu. Hər zaman efirdə çıxışlarını izlədiyim Mübariz Əhmədovun nə vaxtsa müəllimim olacağı ağlıma belə gəlməzdi. Mübariz müəllim əvvəlcə özünü təqdim etməyə başladı.

Adım Mübariz, soyadım Əhmədov.

Özüm Saatlı rayonunda doğulub böyümüşəm. 1988–1991-ci illərdə Sakit Okean Hərbi Dəniz Donanmasında xidmət etmişəm, 1998-ci ildə Rusiyada (Vladivostok şəhərində) Uzaq Şərq Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. Tələbəlik illərində “Avanqard” adlı qəzetlə əməkdaşlıq etmişəm, 1999-cu il 18 mayda Vladivostokda “Azərbaycan” ictimai-siyasi və mədəni-maarif tematikalı müstəqil qəzet təsis etmişəm və Azərbaycan, əsasən Qarabağ həqiqətlərini təbliğ etməyə başlamışam. Primoriya Jurnalistlər İttifaqı və Rusiya Jurnalistlər Birliyinin üzvü olmuşam.

Sonra hər birimizdən  özümüzü təqdim etməyinizi istədi. Auditoriyadakı 34 tələbə ilə tanış oldu. Bizə multimedia fənni haqqında, sonra isə Jurnalistikanın prinsipləri ilə bağlı məlumat verdi. Dərs bitdikdən sonra isə Mübariz müəllim bizimlə sağollaşıb auditoriyanı tərk etdi.  Mübariz müəllim mühazirələri maraqla və həvəslə keçərdi-istər print media, istərsə də multimedia fənnini.  Print mediadan ilk seminar idi. Seminara cavab verəndən sonra müəllim mənə sual verdi. “Tarixi necə oxuyurdun?”  “ əla oxuyurdum , müəllim.” “ Danışığını tarixçi danışığı kimidir, əsil tarixçilər kimi danışırsan. ”.

Hər dəfə seminarda cavab verəndə mənə “müəllimə” deyərək xitab edirdi.  “Buyur, Vəfa müəllimə, hansı mühazirəni öyrənmisən ? ”

Mübariz Əhmədov təkcə müəllim  deyil, çox yaxşı dost idi.

Mübariz müəllim daha çox siyasi mövzuda məqalələr yazardı. Məqalələrini oxuduqda hər zaman bu iki söz diqqətimi çəkirdi. “ Hərdən məni də oxuyun, nə isə ...”

Noyabr ayının ortaları idi, bazar günü bir məqalə yazdım. Bu həmdə mənim ilk məqaləm idi. Axşam saat 11-ə işləmiş məqaləni müəllimə göndərdim. 20 dəqiqə keçmədən cavab gəldi.

“Qızım, redaktə etdim, hətta başlığı da dəyişdim. Oxu gör bəyənəcəksən” Məqalənin başlığı isə belə idi:  “ Budurmu bizim onlara verdiyimiz qiymət”... 

 Həftənin birinci günü print media dərsinin bitməsinə 10 dəqiqə qalmış mənə  “Vəfa, yazdığın məqaləni ucadan oxu qrup yoldaşlarında dinləsin”. Məqaləni oxumağa başladım . Ortalığa sükut çökmüşdür, hər kəs məni diqqətlə dinləyirdi. Məqaləni oxuyub bitirdikdən sonra 505-ci auditoriyada alqış səsləri ucalmağa başladı. Mübariz müəllim mənə “sən gələcəkdə  yaxşı jurnalist olacaqsan,  çoxlu məqalələr hətta xəbər belə yaz” dedi. Müəllimin bu sözünə çox sevindim.  Növbəti dərslərin birində  müəllim kamera və mikrafon gətirdi. Bizə kamera qarşısına keçib mikrafonla çıxış etməyi öyrətdi.   

 “Mikrafonu düz tut, kameraya bax, asta yerişlərlə kameraya tərəf gəl, gözünü çox qırpma”.  Sonra da zarafatla  “İndi mikrafon tutmağı sizə öyrədirəm, amma gələcəkdə siz televiziyada işləyəndə məni  unudacaqsız ”.  

Mübariz müəllim dərs sonunda kollektiv foto çəkdirməyimizi istədi. Nə bilərdim ki, bu bizim son fotomuz olacaq.

İyun ayında bir bənd şeir yazıb facebook hesabımda paylaşdım. Bir saat keçmədən rəy bölməsində şeir yazıldığını gördüm.

Arzu böyük, ömür qısa,
İllər ötdü aram-aram.
Artıq ömrüm çatır başa,
Sanırdım ki, qocalmaram...
Müəllif : Mübariz Əhmədov

***

Çərşənbə günü 8:12 dəqiqə işləmiş fecbookada “Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının müəllimi Mübariz Əhmədov dünyasını dəyişib” başlıqlı xəbəri gördüm.

 O gün ən kədərli və ən ağrılı günlərdən idi.  İnsan tək valideynlərindən, doğmalarından deyil müəllimindən də yetim qalarmış . Biz Aj 202–qrupu15 sentyabr Mübariz Əhmədovu 505-ci auditoriyaya daxil  olmasını gözləyirdik .   

Eh, indi nə Mübariz müəllim var, nədəki dərsi oxumağa həvəs. Tək ümidimiz cədvəldə Mübariz müəllimin adını görməkdir.

Əlvida, Azərbaycan jurnalistikasının onurğa sütunu, araşdırmaçı jurnalist, siyasi şərhçi, müəllim, həmkar və gözəl dost!  

Nə isə....   

 

Redaksiyamız adından Mübariz Ataxan oğlu Əhmədova Allahdan rəhmət, ailəsinə və sevənlərinə səbr diləyirik.

Vəfa Abdullayeva