Əmək Məcəlləsinə edilən dəyişikliklər barədə

Əmək Məcəlləsinə edilən dəyişikliklər barədə HÜQUQŞÜNAS RƏYİ

20 Avqust 2024Baxış: 2651

Sual: 12 avqust 2024-cü il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinə edilmiş dəyişikliklərin mahiyyəti nədir?

 

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə edilən dəyişikliyə əsasən əmək münasibətlərinin yaranma qaydası dəyişərək, əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi qaydası ləğv olunmuş, əmək münasibətlərinin əmək müqaviləsinin elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranması göstərilmişdir.

Əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Əmək müqaviləsində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir.

Əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir və işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.

Əmək müqaviləsinin elektron qaydada bağlanılması halında əmək münasibətlərinə girən işçidən aidiyyəti dövlət informasiya sistemlərindən və ehtiyatlarından əldə edilməsi  mümkün olan, Məcəllədə nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin, eləcə də, əmək kitabçasının tələb edilməsi qadağandır. Ümumiyyətlə, elektronlaşma ilə əlaqədar olaraq, əmək müqaviləsi ilə bağlı məlumatların əmək kitabçaları vasitəsi ilə qeydiyyatı ləğv edilir.

Elektron sistemin tətbiqindən irəli gələn bütün dəyişikliklər Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş vəzifələrə (peşələrə) şamil edilmir. (siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında kağız üzərində yazılı formada əmək müqaviləsinin bağlanılması halı).

Həmçinin elektron sistemin tətbiqi ilə bağlı olaraq, işçi:
- bir təqvim ayı qabaqcadan işəgötürəni elektron informasiya sistemi vasitəsilə ilə göndərdiyi ərizə ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər;
- başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı elektron informasiya sistemi vasitəsilə razılıq verdikdə ərizəsində göstərdiyi gün əmək müqaviləsini ləğv edilə bilər.

Mühüm dəyişikliklərdən biri də əmək müqaviləsinin kollektiv qaydada bağlanmasının ləğv edilməsidir. Kollektiv qayda dedikdə bu kollektiv müqavilələri və sazişləri əhatə etmir. Yalnız əmək müqavilələrinin kollektiv qaydada bağlanmasını ehtiva edir

 

Cavablandırdı: hüquqşünas Qorqud Şahverdiyev