ANALOGİYA VƏ MƏHKƏMƏ PRESEDENTLƏRİ — HÜQUQİ ƏSASLANDIRMA ÜSULLARI KİMİ

ANALOGİYA VƏ MƏHKƏMƏ PRESEDENTLƏRİ — HÜQUQİ ƏSASLANDIRMA ÜSULLARI KİMİ

02 Avqust 2024Baxış: 1514

Giriş

Hüquqi əsaslandırma qərar qəbul etmək üçün konkret işlərə hüquqi prinsip və qaydaların, normaların tətbiqi prosesidir. Müasir dövrdə bu prosesin hüquqşünaslar tərəfindən icrası, əsasən, analogiya və presedent insitutlarının vasitəsilə həyata keçirilir. Həm analogiya, həm də presedent hüquqşünas və hakimlər üçün qanunun təfsiri və tətbiqində mühüm əhəmiyyət daşıyan alətlərdir. Bu yazıda biz “analogiya” məfhumunu və onun müxtəlif növlərini məntiq və hüquq elmləri nöqteyi-nəzərindən araşdıracaq, presedent institutu ilə arasındakı əlaqəni məhz analogiyanın növləri baxımından izah edəcəyik. Bundan əlavə, hər iki institutun hüququn tətbiqi prosesindəki rolundan bəhs olunacaq, onların milli qanunvericilik səviyyəsində birgə tətbiqi ilə bağlı məsələyə aydınlıq gətiriləcəkdir.

Analogiya nədir?

Analogiya, məlum oxşarlıqlardan istifadə edərək naməlum oxşarlıqları əldə etməyə yönələn əqli nəticə üsullarından biridir.[1] Bu necə baş verir? Fərz edək ki, ayrılıqda götürülmüş A və B predmetlərinin hər birinə müvafiq olaraq “x” və “y” elementləri xarakterikdir. Eyni zamanda, A predmetinə əlavə “z” elementinin də xarakterik olduğunu bilirik. Apardığımız analogiyaya əsasən belə nəticə çıxarırıq ki, “z” elementi, eyni zamanda, B predmetinə də daxildir.[2] Göründüyü kimi, predmetlərə xas olan müəyyən xassələrin oxşarlığından çıxış edərək yürütdüyümüz əqli mühakimə yeni bir informasiyanın[3] ortaya çıxmasına imkan verdi. Buna məntiq elmində “xassələr analogiyası” da deyilir.[4]

Bundan əlavə, elm tarixində ən çox istifadə edilən üsul kimi tanınan, "münasibətlər analogiyası" adlanan ikinci təsnifat da mövcuddur. Analogiyanın birinci formasından fərqli olaraq, burada sözügedən obyektlər arasındakı xassə deyil, münasibət biri digərinə köçürülür.[5] Məsələn, Günəş və planetlər arasındakı münasibəti müşahidə edən E.Rezerford atomun nüvəsi və onun ətrafında fırlanan elektronlar arasında da oxşar münasibətin olduğunu fərz edərək atomun planetar modelini qurmağa nail olmuşdu. Bu misaldan da göründüyü kimi, predmetlər birbaşa olaraq müqayisə oluna bilməsə də, onlar arasındakı münasibətlərin bənzərliyi ehtimal oluna bilir və analogiya vasitəsilə köçürülən informasiya da həmin münasibətdir.[6]

İctimai həyat hadisələrinin təhlilində münasibətlər analogiyasının mühüm əhəmiyyəti vardır, belə analogiyalar ayrı-ayrı hadisələrin mahiyyətinin qiymətləndirilməsində bizə düzgün istiqamət verir.[7] Münasibətlər analogiyası ehtimallardan yola çıxaraq mahiyyətcə hipotetik (fərzi) mühakimələr yürüdür, lakin bu ehtimallar da o halda güclü olur ki, çoxsaylı və mühüm xassələr arasında oxşarlıq əlaqələri qurulur.[8]

Presedent nədir?

Hüquqi əsaslandırma metodu kimi “analogiya” institutu tez-tez “presedent” institutu ilə yanaşı qeyd olunsa da, bu ikisi arasındakı fərqin araşdırılması mühüm əhəmiyyət kəsb edir. Ümumi hüquq sisteminə (common law) malik ölkələrdə məhkəmə sistemi keçmiş işlərə, məhkəmə qərarlarına əsaslanır. Məhkəmə qərar çıxararkən aşağı instansiya məhkəmələrinin oxşar işlərdə riayət etməli olduğu standartları müəyyən edir. Vəkillər də öz hüquqi müdafiələrində güclü arqumentlər hazırlamaq üçün bu qərarlara (presedentlərə) və standartlara istinad edirlər ki, onların bu təcrübəyə töhfələri də əhəmiyyətlidir. Presedentdən səmərəli istifadə etmək üçün vəkil onun cari işə aidiyyətini müəyyən etməli və təhlil etməlidir. Əgər güclü olarsa və birbaşa tətbiq oluna bilərsə, o, hakimi müvəkkilinin xeyrinə inandıra bilər. Bununla belə, bütün presedentlər müəyyən bir iş üçün məcburi və ya müvafiq olmaya da bilər. Məhkəmə hazırkı işdə faktların və ya hüquqi məsələlərin kifayət qədər fərqli olduğunu və ya presedentin artıq hüquqi əhəmiyyət kəsb etmədiyini müəyyən etdikdə presedenti ləğv də edə bilər.

Presedent vasitəsilə hüquqi əsaslandırma metodu retrospektiv yanaşmanı əks etdirir. Ənənəvi təcrübə həm hüquqi çərçivə daxilində, həm də ondan kənarda qərarların qəbul edilməsində keçmiş işlərdən istifadəni vurğulasa da, bununla belə, bu yanaşma bizi həm də gələcəyə hesablanmış perspektivə doğru istiqamətləndirir, gələcəkdə qərar qəbul edənlər üçün cari qərarları nəzərdən keçirməyimizi zəruri edir.[9]

Analogiya və məhkəmə presedenti

Əgər presedent gələcək oxşar işlər üçün bələdçi kimi çıxış edən məhkəmə qərarıdırsa, analogiya müvafiq məhkəmə qərarı (presedent) və ya ona əsasən müəyyən edilmiş qayda olmadıqda hüquqşünas və hakimlərin istifadə etdiyi hüquqi əsaslandırma üsuludur. Hüquqi analogiyanın bu standart mənzərəsinin qaranlıq tərəfi ondan ibarətdir ki, analogiyadan istifadə edən şəxsin konkret mənbə seçimi var, arqumentini əsaslandırmaq və başqalarını inandırmaq üçün onlar arasından ən faydalı olanını seçir. Hüquqşünaslar məhz buna görə tez-tez analogiyalara müraciət edirlər, onlar iş üzrə qərarın qəbul edilməsinə, başqalarını artıq qəbul edilmiş qərarların düzgünlüyünə inandırmağa kömək edir və mövcud vəziyyətin əks halda gizlədilən aspektlərini işıqlandırırlar. Hüquqşünaslar hakimləri və ya münsifləri öz nöqteyi-nəzərlərinə inandırmayacaq, onları razı salmayacaq analogiyaları seçmək istəmirlər. Eləcə də hakimlər o analogiyaları seçirlər ki, müvafiq iş üzrə verdikləri qərarlar onu oxuyanlar tərəfindən aydın başa düşülsün.[10]

Məhkəmə presedentləri üçün isə eyni sözü deyə bilmərik. Hüquqi analogiyadan istifadə edən şəxsin öz arqumentini dəstəkləmək üçün mənbə seçimi olduğu halda, ümumi hüquq sistemlərində hakimlər presedent tərəfindən daha çox məhdudlaşdırılır. Burada hakimlər presedentlərin təfsiri və tətbiqində müəyyən səlahiyyətlərə malik olsalar da, onlardan imtina etmək üçün əsaslı səbəblər olmadıqda müəyyən edilmiş presedent qərarına riayət etmələri tələb olunur.

Bundan əlavə, fikrimcə, bu iki institut arasındakı fərqi bu cür də başa düşə bilərik: presedent və analogiya müvafiq olaraq yuxarıda bəhs olunan “xassələr analogiyası” və “münasibətlər analogiyası”na uyğun gəlir.[11] Bu o deməkdir ki, presedent də özlüyündə analogiyadır, yəni əqli nəticənin üsullarından biridir, məntiq elmində bu bölgü “xassələr” və “münasibətlər”, hüquq ədəbiyyatında isə “presedent” və “analogiya” olaraq aparılmışdır. Təsadüfi deyil ki, Sovet mülki hüququndakı analogiya institutu da aşağı məhkəmələr tərəfindən yuxarı məhkəmələrin göstəriş qərarlarından istifadə etməklə bağlı presedent-hüquq fəaliyyətini də özündə ehtiva edirdi.[12]

Yaxud başqa misalla; ayrılıqda götürülmüş iki predmet arasındakı “eynilik” və “oxşarlıq” münasibətlərini müvafiq olaraq presedent və analogiyaya da aid edə bilərik. “Eynilik” dedikdə iki və ya daha çox obyektin mütləq eyniliyi nəzərdə tutulur, yəni bu o deməkdir ki, onlar heç bir fərq olmadan hər cəhətdən eynidirlər. Digər tərəfdən, “oxşarlıq” dedikdə müəyyən xüsusiyyətləri və ya keyfiyyətləri paylaşan, lakin mütləq eyni olmayan iki və ya daha çox obyekt arasındakı əlaqə nəzərdə tutulur, başqa sözlə, onların bəzi ortaq cəhətləri ilə birlikdə, eyni zamanda bəzi fərqləri də var. Hakimlərin fəaliyyətinin presedent qərarları ilə məhdudlaşdırılmasında səbəb də burada özünü büruzə verir; “eynilik” elə münasibətdir ki, paylaşılan cəhətlərin, keyfiyyətlərin eynilik səviyyəsinə yaxınlaşan çoxluğu onlardan birini digərinə istinad etməyə əsaslandırır, yəni bir predmet yalnız ona ən çox oxşayan predmetlə məhdudlaşır. “Oxşarlıq"da isə fərqli cəhətlərin oxşar cəhətlərə münasibətdə gözardı edilə bilinməyən əhəmiyyəti bu iki subyektin heç də bir-biri ilə məhdudlaşmadığını göstərir, oxşar cəhətlər onları birləşdirdikcə fərqli cəhətlər onları bir-birindən ayrılmağa sövq edir. Beləliklə, mövcud analoji halların genişliyi vəkillərin arqumentlərinin müdafiəsini asanlaşdırır, başqa sözlə, onlara daha çox “sərf edən” analoji halı tətbiq etməyə imkan verir.

Milli qanunvericiliyin yanaşması

Qeyd etmək lazımdır ki, bu iki institutun birgə və paralel tətbiqinə, əsasən, İngiltərə və ABŞ kimi “ümumi hüquq” sistemli ölkələrin praktikalarında geniş rast gəlirik. Məhkəmə presedentlərinin hüququn tətbiqində mənbə kimi istifadə olunması təcrübəsi roman-german tipli hüquq sistemlərinə nisbətən yaddır, lakin, bununla belə, müvafiq hüquq sisteminə malik olan bəzi ölkələr var ki, məhkəmə işlərində presedentlərdən mənbə kimi istifadəni tamamilə istisna etmirlər. Buna Azərbaycan Respublikasını misal göstərə bilərik. Doğrudur, Azərbaycan Respublikasında məhkəmə presedentlərindən hüququn mənbəyi kimi istifadəsinə dair qanunvericilikdə açıq-aşkar müddəa olmaya bilər, lakin presedentlər dolayı yolla da olsa, məhkəmələr üçün hüquq mənbəyi rolunu oynamaqdadır. Bundan əlavə, AR Ali Məhkəməsinə və apellyasiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmək və onu məhkəmə təcrübəsində nəzərə almaq barədə müvafiq səlahiyyətlər də verilmişdir.[13]

Analogiya və presedent institutlarının milli qanunvericilik səviyyəsində birgə tətbiqinin nəticələrinə və bundan irəli gələn problemlərə aid mövzunun gündəmə gəlməsi hazırki perspektivdə qeyri-mümkün görünə bilər, lakin qloballaşmanın hüquq sistemlərinə artan təsirinin davam etdiyi dövrdə belə bir diskursun meydana çıxması heç də gözlənilməz deyil. Ümumilikdə götürsək, bu problematikanı bir neçə istiqamətə ayırmaq olar:

  1. milli qanunvericilikdə aktiv mövqeyə malik olan analogiya insitutu münasibətlərin tənzimlənməsində nə dərəcədə effektivdir?
  2. analogiya insitutu münasibətlərin tənzimlənməsində effektiv olmadığı hallarda presedent institutuna müraciət problemin həlli yolları arasında hansı mövqedədir? Yaxud problemin bundan başqa daha əlverişli həlli mövcuddurmu?
  3. analogiya və presedent institutlarının birgə tətbiqinin ayrılıqda götürülmüş qanunvericilik çərçivəsində (məsələn, anqlo-sakson hüquq sistemlərində) səbəb olduğu problemlər hansılardır?
  4. analogiya və presedent institutlarının birgə tətbiqinin milli qanunvericilik çərçivəsində (daha ətraflı, roman-german hüquq sistemlərində) səbəb olduğu problemlər hansılardır? Ümumiyyətlə, presedent institutunun milli qanunvericiliyə uyğunlaşdırılması mümkündürmü? Mümkündürsə, hansı mexanizmlərin tətbiqi yolveriləndir?

Hüquqşünaslar problemin bütün bu aspektləri üzərində hərtərəfli araşdırma aparmaqla milli təcrübənin zənginləşməsinə xidmət edə və ölkəmizdə hüquq elminə töhfə verə bilərlər. Şəxsi mövqeyim ondan ibarətdir ki, ümumilikdə, presedent və analogiya institutlarının qərarların qəbulunda yaradıcılığı məhdudlaşdırmaq potensiallarının mövculuğu faktı ilə birlikdə, onların birgə tətbiqinin yeni hüquqi prinsiplərin inkişafına mane olmaq təhlükəsi də ön plana çəkilməlidir. Nəzərə alsaq ki, müstəqilliyi əldə etdikdən sonrakı hüquq quruculuğu prosesi keçmiş sovet ənənəsinə əsaslanıb, bu baxımdan deyə bilərik ki, keçmiş ənənəyə uyğun olaraq, presedent institutunun ümumilikdə analogiya institutu daxilində bir anlayış kimi nəzərdən keçirilməsi daha məqsədəuyğundur. Analogiya presedentə münasibətdə daha geniş anlayış olduğundan hüququn tətbiqi təcrübəsində vahid anlayış kimi “analogiya”dan istifadə etmək qənaətbəxş seçim olardı. Bununla birlikdə, analogiya institutunun daha dərin və ətraflı tədqiq edilməsi və ona müxtəlif aspektlərdən yanaşmaların irəli sürülməsini bu institutun qanunvericilikdəki yerinin, əhəmiyyətinin dəqiqləşməsi baxımından uğurlu addım hesab edə bilərik.

Nəticə

Yekun olaraq, bu yazıda müəyyən etdik ki, analogiya və presedent institutları hüquqi əsaslandırmada istifadə və fəaliyyət mexanizmləri baxımından oxşar görünsə də, aralarında əhəmiyyətli fərqlər də mövcuddur. Analogiya müqayisə aparmaq üçün iki münasibət arasındakı oxşarlıqlara, presedent isə keçmiş qərara əsaslanır. Hüquqi kontekstdə presedent daha çox çəkiyə malikdir, çünki o, oxşar işlərdə əməl edilməli olan məcburi hüquqi qüvvəli qərarı müəyyən edir. Analogiya isə, əksinə, müxtəlif kontekstlərdə istifadə oluna bilən daha çevik bir vasitədir. Müxtəlif hüquq sistemlərindəki yanaşma fərqlərini də nəzərə alsaq, hüququn tətbiqi prosesində hər bir konsepsiyadan səmərəli istifadə etmək üçün aralarındakı fərqləri başa düşmək mühüm əhəmiyyət kəsb edir.

 

[1] Topçu N.A. “Mantık”. İstanbul, 2017, səh. 83

[2] Bu qayda heç də təsadüfi olaraq müəyyən edilməmişdir. Müvafiq A və B predmetləri öz elementləri ilə birlikdə müəyyən bir sistem təşkil edirlər, buna görə də hər bir predmetin daxilindəki elementlər bir-biri ilə sıx qarşılıqlı əlaqə və təsirdə qərar tapmışdır. Elementlərdən birində baş verən dəyişiklik digər elementlərə, eləcə də bütün sistemə sirayət edir.

[3] Informasiyadan qəsdimiz əldə olunan məlumatla bağlıdır. Buradakı məlumat isə daha çox ehtimal xarakteri daşıyır.

[4] Hacıyev Z.C. "Məntiq". Dərslik. Bakı, 2011, səh. 196

[5] Yenə orada, səh. 196

[6] Namazov A.Ə. "Məntiq ‒ mühazirələr toplusu, Analogiya". Bakı, 2019, səh. 18

[7] İsrafilov M.M. “Məntiq”. Dərslik. Bakı, 1987, səh. 279

[8] Yuxarıda istinad 1, səh. 85

[9] Schauer F. "Precedent". Stanford Law Review, Vol. 39, No. 3, 1987, səh. 572-573

[10] Schauer F. “Thinking like a lawyer: a new introduction to legal reasoning”. 2009, səh. 87-88

[11] Yeri gəlmişkən, apardığımız müqayisə də analogiya nümunəsidir.

[12] Seyranov X.R. "Məhkəmə presedentləri mülki hüququn mənbəyi kimi: nəzəriyyə və təcrübə". Bakı, 2018, səh. 48

[13] Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanı, VI bənd

 

Hüseyn Əlili

Bakı Dövlət Universiteti, Hüquqşünaslıq fakültəsi,

SABAH qrupları, III kurs tələbəsi