COP29: “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı panel iclas keçirilib

COP29: “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı panel iclas keçirilib

15 Noyabr 2024Baxış: 1628

Azərbaycanın COP29 Sədrliyi çərçivəsində yaradılmış Birgə Təşəbbüs Qrupunun - Azərbaycan, Misir, Almaniya, İtaliya, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) təşkilatçılığı ilə noyabrın 15-də “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksəksəviyyəli panel iclas keçirilib.

Tədbirdə COP29 Sədrliyinin iqlim dəyişikliyi sahəsində konkret həlləri nəzərdə tutan təşəbbüsləri, eləcə də İqlim və Sülh Fəaliyyəti üzrə Bakı konsepsiyası, həmçinin beynəlxalq sülhə iqlimlə əlaqəli təhlükələrin qarşısının alınması sahəsində əməli addımları ehtiva edən “Bakı İqlim üçün Sülh Çağırışı” ilə bağlı müzakirələr aparılıb.

İtaliya, Misir, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya və Uqanda nümayəndələri, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanın səylərini gələcəyin təhdidlərinə qarşı əməli addımlar kimi yüksək qiymətləndirib, ölkəmizin təşəbbüslərinə dəstəklərini ifadə ediblər. Eyni zamanda, bu sahədə əməkdaşlığın vacibliyi vurğulanıb. Bildirilib ki, Bakının bu çağırışı intensiv əməkdaşlıq tələb edir. Buna töhfə vermək üçün hər kəsi səyləri birləşdirməyə çağırıblar. Bakı COP-u iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki işlərdə həqiqətən də irəliləyişlərə nail olub.

Diqqətə çatdırılıb ki, sülhü təmin etmək üçün bu gün iqlimlə bağlı məsələlərə maliyyənin yönləndirilməsi olduqca vacibdir. İqlim təhlükəsizliyinin təmin edilməsi Afrikadan başlayır. Yerli aktorlarla, müxtəlif tərəfdaşlarla əməkdaşlıq şəraitində işləmək lazımdır.

İclasda çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iqlim dəyişikliyi və münaqişələr arasında mövcud əlaqə, iqlim dəyişikliyi nəticəsində meydana gələn qida, su qıtlığı, torpaq deqradasiyasının insanların həyat və sağlamlığını təhdid etdiyi, biomüxtəlifliyin pozulması kimi fəsadlar verdiyi və nəticə etibarilə sülh, dayanıqlı inkişafa hədə törətdiyini bildirib. Bu baxımdan, COP29 sədrliyinin artıq 130 ölkə və ümumilikdə 1200 aktor tərəfindən dəstəklənən “Atəşkəs Çağırışı” təşəbbüsünün əhəmiyyəti vurğulanıb. Çıxışda indiyədək keçirilən COP-lar tarixində ikinci dəfə Sülh, Sabitlik və Bərpa Gününün təsis olunması və Almaniya, Misir, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Uqanda ilə iqlim və sülh üzrə birgə tərəfdaşlığın qurulması, habelə iqlim dəyişikliyinin kritik nəticələri ilə bağlı həll yollarını təklif edən Sülh, Sabitlik və Bərpa üçün İqlim Fəaliyyəti üzrə Bakı çağırışının elan edilməsinin vacibliyi qeyd olunub. Bu istiqamətdə, mövcud təklifləri konkret addımlara çevirmək baxımından Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin yaradılmasının, habelə maliyyə və digər texniki resursların səfərbərliyinin xüsusilə kiçik ada, həmçinin az inkişaf etmiş dövlətləri dəstəkləmək baxımından inklüziv nəticələr verəcəyinə dair əminlik ifadə edilib.

Ceyhun Bayramov Azərbaycanın COP29 Sədrliyinin prioritetlərində əks olunduğu kimi iqlim dəyişikliyinin nəticələrinin aradan qaldırılması, habelə sülh və inkişafın dəstəklənməsi istiqamətində ən həssas qrupları bundan sonra da dəstəkləməyə davam edəcəyimizi vurğulayıb.

Tədbirdə davamlı sülh üçün birgə fəaliyyətin əhəmiyyətinə toxunulub və Azərbaycan Sədrliyinin irəli sürdüyü təşəbbüslərin həyata keçirilməsində birgə fəaliyyətin vacibliyi vurğulanıb.

İclas mövzu ətrafında müzakirələrlə davam edib.

 

Xəbəri Hilal informasiya portalından alın.