xəbər və məqalə portalı
14 Sentyabr 2023 414

Yeniyetmə və gənclərin intiharları ilə bağlı “ÖZÜNÜ SEV” adlı kitab işıq üzü görüb

Yeniyetmə və gənclərin intiharları ilə bağlı “ÖZÜNÜ SEV” adlı kitab işıq üzü görüb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "ÖZÜNÜ SEV" adlı kitab işıq üzü görüb. 
Kitabın müəllifi "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" ictimai birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident Təqaüdçüsü  Lamiyə İsazadədir. Kitabın məzmunu yeniyetmə və gənclərin intiharları ilə bağlıdır. Kitabın qaynağı yerli və xarici kitablar, eləcə də sosial şəbəkələr üzərindən araşdırmalar əsasında hazırlanıb. 

Kitab barədə danışan Lamiyə İsazadə bunları deyib:
"Bildiyiniz kimi son illərdə, eləcə də son günlərdə ölkəmizdə yeniyetmələrin intihar hadisələri artmağa başlayıb. Bu gün valideynlərimiz övladlarının özünü öldürməsi ifadəsini işlətməsini, ölüm təhdidini ifadə etməsini ciddiyə almırlar. Düşünürlər ki, uşaqdır, ağlına gələni danışır. Əgər bir insanda istər uşaq, istər gənc, istərsə də istənilən yaş kateqoriyasında olan şəxsdə özünü öldürməklə bağlı fikir formalaşıbsa, deməli onun beynində ilkin intihar toxumları əkilib və böyüməyə başlayır. Bunu heç kimlə müzakirə etməyəndə artıq insan daxili dünyası ilə müzakirə edir. Müzakirədən sonrakı mərhələ mübahisə, mübahisədən sonrakı mərhələ isə fiziki və ya psixoloji cinayət olur. Ailədə psixoloji basqının olması, məişət zorakılığına məruz qalması və şəxsin heç kimə müraciət etməməsi sonda intihar ilə nəticələnir. Şəxsin ailədə şiddətə, fiziki və ya psixoloji zorakılığa məruz qalması erkən yaşda intihara əl atmasına səbəb olduğunu göstərir. İntihara səbəb əsasən psixoloji pozuntulardır".
Müəllif qeyd edib ki,  "ÖZÜNÜ SEV" adlı kitabda intihar psixologiyası, intihar baş verənə qədər baş verən depressiya halları, yeniyetmə və gənclərin davranış pozuntuları, intiharın əsasən hansı ailə tiplərində baş verməsi və digər zəruri mövzular yer alıb:
"Kitab "Həyata pozitiv baxaq" adlı layihə çərçivəsində hazırlanıb. Layihə çərçivəsində keçirilən tədbirlərdə kitab əsasən yeniyetmə və gənclərə paylanılacaqdır".  

 

Xəbəri Hilal.az saytından alın.

https://hilal.az/

 

 

Qalereya