xəbər və məqalə portalı
24 İyun 2023 79

Paris məhkəməsi səfirliyimizə hücum edən ermənini cəzalandırdı - səfir Leyla Abdullayevadan ilk açıqlama

Paris məhkəməsi səfirliyimizə hücum edən ermənini cəzalandırdı - səfir Leyla Abdullayevadan ilk açıqlama

23 iyun 2023-cü il tarixində Paris məhkəməsində, Azərbaycan Respublikasının Fransadakı Səfirliyi önündə ötən il keçirilmiş icazəsiz aksiya zamanı səfirliyin binasına hücum edən, Fransada fəaliyyət göstərən “Charjoum” adlı erməni hərəkatının üzvü Loris Tufanyana qarşı dinləmələr baş tutub.

Bu barədə Azərbaycan Respublikasının Fransadakı Səfirliyindən bildirilib.

Xatırladırıq ki, 18 sentyabr 2022-ci il tarixində radikal erməni nümayəndələri tərəfindən Parisdə Azərbaycan səfirliynə qarşı hücum cəhdi olmuş və nəticədə Səfirliyin binasına zərər yetirilmişdir. Baş vermiş hücum aktı ilə əlaqədar dəlillər yerli məhkəməyə təqdim edilmiş və hücumun əsas təşkilatçısı və iştirakçılarının cəzalandırılması tələb edilmişdir. Məhkəmədə Azərbaycan Respublikasının Səfirliyini Lexlor hüquq şirkəti təmsil edib.

Paris məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə sözügedən hücumun əsas iştirakçısı olan “Charjoum” erməni hərəkatının üzvü Loris Tufanyana 6 aylıq şərti cəza müəyyə edilib və cərimə tətbiq edilib.

Səfirlik, radikal qruplar tərəfindən diplomatik nümayəndəliyə qarşı hər hansı hücum cəhdlərini bir daha qətiyyətlə qınayır, 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi üçün yerli hüquq mühafizə orqanları tərəfindən gücləndirilmiş tədbirlərin təmin edilməsinə çağırır və Paris məhkəməsinin sözügedən qərarını gələcəkdə bu kimi halların qarşısının alınması və ədalətin təmin edilməsi baxımından mühüm addım kimi qiymətləndirir.

Səfir Leyla Abdullayeva Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxsə 6 ay şərti həbs cəzasına münasibət bildirib. "Ədalət bərqərar oldu! Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxsə 6 ay şərti həbs cəzası verilib və dəymiş ziyanın ödənilməsi barədə qərar çıxarılıb. Ədalətin zəfərini qeyd edək və təcavüzkar hərəkətləri pisləyək," - L.Abdullayeva öz "Twitter" səhifəsində yazıb.

 

Xəbəri Hilal.az saytından alın.

https://hilal.az/