xəbər və məqalə portalı
22 İyun 2023 175

Ayaz Arabaçı - poeziya - gecənin şeiri

Ayaz Arabaçı - poeziya - gecənin şeiri

Məndən solda Doğuydu,məndən sağda Batıydı..

Yarıb keçdi dumanı o at kimin atıydı..

Özüm də məəttələm,bu nə təsnifatıydı,

Erkək bildiklərimin çoxusu dişi çıxdı..

 

Dür-düdüyü xan bilib öydüm,paşa çıxartdım..

Ürəyimi ləl kimi hər oğraşa çıxartdım..

Biri vardı dost kimi çəkdim başa çıxartdım..

Dedim təmiz adamdır,qarnından şişi çıxdı.

 

Getdim üzü qüruba,olsun dedim,yoldu ki..

Gördüm adam nə gəzir,hər yan kosdu-koldu ki..

Beş-on ilin içində elə şeylər oldu ki..

Çoxlarının arvadı özündən kişi çıxdı.

 

Bir quyuya daş atdı bir gün qəfil dəlimiz..

Nə oldu axırımız,nə idi əvvəlimiz,

İndən belə sağalmaz ayağımız-əlimiz..

Şükür bu tulanın da tutmağa dişi çıxdı..

 

Eybi yox lap on il də ruzum olmasın bala,

Şerim,sözüm sizlərə lüzum olmasın bala,

Qoy mənim bu şorbada duzum olmasın bala..

Məni soruşan olsa deyərsən işi çıxdı.